İran Rusiyaya qarşı: Zəngəzur dəhlizi necə olacaq?
İCTİMAİ TV İCTİMAİ TV
1.32M subscribers
26,362 views
578

 Published On Sep 15, 2024

Naxçıvanlılar illərdir Azərbaycanın əsas hissəsinə Türkiyə və ya İran ərazisindən keçməklə gedib-gəlirlər. Birbaşa getmək üçün yeganə çıxış yolu Zəngəzur dəhlizidir. Paşinyan Naxçıvana yol verəcəklərini deyir, amma öz şərtləri ilə. Yəni bu yoldan gedəndə vətəndaşlarımız yoxlanışdan keçməlidir. Yüklərə görə isə gömrük rüsumu ödənməlidir. Bakı deyir ki, Zəngəzur dəhlizinin xüsusi statusu olmalıdır. Çünki Naxçıvan Azərbaycanın anklavıdır. Biz xarici ölkəyə getmirik ki, sərhəd yoxlanışından keçək və ya rüsum ödəyək. Zəngəzur dəhlizi ilə bağlı başımızı ağrıdan digər ölkə İrandır. Soruşmaq olar ki, İrana nə düşüb? Yəqin ki, İrana Turan düşüb. Tehran türk dövlətlərini bir-birinə bağlayacaq Zəngəzur dəhlizini istəmir. Öz sərhədlərində türk iqtisadi məkanı onun kabusudur. 2 həftədir İranın Zəngəzur narahatlığı daha da artıb. İş o yerə çatıb ki, Tehran dostu Moskvanı gözümçıxdıya salıb. İran Ukrayna müharibəsində Rusiyanın ən böyük hərbi dəstəkçisidir. Dünya hazırda İranın Rusiyaya ballistik raket satmasından danışır. Tehran və Moskva isə Zəngəzur dəhlizi məsələsində ortaq nəticəyə gələ bilmir. Hər kəs İranla Rusiya arasında nə baş verdiyini anlamağa çalışır. Vəziyyətə fərqli baxışlar var. Bəziləri hesab edirlər ki, Tehran Ermənistana hökmranlıq uğunda mübarizə aparırır. Bəziləri isə bunun arxasında başqa səbəblər axtarır. İranın islahatçı prezidenti Məsud Pezeşkian Qərblə münasibətləri düzəltmək istəyir. Rusiya üçün bu, qutuda ilan görmək deməkdir. İranda hesab edirlər ki, Rusiyanın Zəngəzur dəhlizi məsələsində fəallaşması məhz bununla bağlıdır. Kreml Pezeşkianın Qərblə yaxınlaşmaq planlarını pozmaq istəyir. İranda anti-Rusiya bəyanatları səsləndiyi halda, Rusiya olduqca sakit davranır. Tehran məsələni tez-tələsik danışıqlar masasına daşıdı. İran Ali Milli Təhlükəszilik Şurasının katibi Əli Əkbər Əhmədian bu həftə Moskvada idi. Əvvəlcə Rusiya Təhlükəsizlik Şurasının katibi Şoyqu ilə görüşdü. Görüşdən sonra Şoyqunun açıqlaması olduqca diqqət çəkirdi. Rusiya İranla hansı razılaşmalara sadiqdir? Şoyqunun nədən bəhs etdiyi məlum deyil. Razılıq varsa, bu şou nə üçündür? Əli Əkbər Əhmədianı Putin də qəbul etdi. Tərəflərin Zəngəzur mövzusunda hansı qərara gəldikləri açıqlanmır. Amma Moskvanın Tehranın könlünü almağa çalışdığı aydındır. Səfərdən sonra İrandan da açıqlamalar gəldi. Tehran sakitləşməyib. Baş rolda yenə SEPAH-dır. Ənənəvi təhdidlərinə davam edir. Deyir ki, İranın dəhliz məsələsində mövqeyi dəyişməyib. Tehranın maraqlarına uyğun gəlməyən cəhdlər güclü müqavimətlə üzləşəcək. SEPAH-ın təhdidlərinin sözdə qaldığına çoxdan öyrəşmişik. Məsələn, HƏMAS lideri Haniyəyə görə İsraildən qisas almalı idi. Amma hədələri animasiyalarda qaldı. Onsuz da cavabları İsrailə atılan, amma hədəfə çatmayan raketlərdən o yana getmir. İranın son davranışlarını elə Haniyə mövzusu ilə əlaqələndirənlər var. Məsələn, keçmiş xarici işlər naziri Tofiq Zülüfüqarov düşünür ki, İranın Zəngəzur isteriyası Haniyəyə görə qisas mövzusunu unutdurmaq üçündür. İranın əsl məqsədi hələ ki, bəlli deyil. Hər halda qoxusu yaxın vaxtlarda çıxacaq. Gələn ay Kazanda keçiriləcək BRİKS sammitini gözləyək.


Bizi İzləyin:
Whatsapp: https://whatsapp.com/channel/0029Va8Q...
Facebook:   / ictimai.tv  
Instagram:   / ictimaitv.official  
Teleqram: https://t.me/tvictimai
Sayt: https://itv.az/

Copyright © İCTİMAİ TV

#itv #ictimaitv #video #televiziya #baku #videolar #sondakika #video #gündem #news #sondeqiqe #sondəqiqə #gündem #news #keşfet

show more

Share/Embed